Çexiyalı gənc tennisçi Yakub Menşik peşəkar karyerasının ən parlaq uğuruna imza ataraq “Miami Open” turnirinin finalında dünya tennisinin əfsanəsi Novak Cokoviçi məğlub edib. ATP reytinqində 54-cü yerdə qərarlaşan 19 yaşlı idmançı beşinci sırada olan serb rəqibini 7:6 (4), 7:6 (4) hesabı ilə üstələyərək ilk ATP titulunu qazanıb.
Final qarşılaşması bazar günü Mayamidə baş tutub. Güclü yağış səbəbilə oyuna 5 saatdan çox gecikmə baş versə də, bu, Menşikin əzmini zərrə qədər azaltmayıb. 2 saat 5 dəqiqə davam edən gərgin qarşılaşmada gənc çex iki tay-brekdə üstün olaraq sensasiyalı zəfər əldə edib.
Bu qələbə ilə Menşik Cokoviçin 100-cü titul şansını əngəlləyib və şəxsi qarşıdurmalarda hesabı 1:1-ə bərabərləşdirib. Nəticədə, 19 yaşlı çex ATP 1000 səviyyəsində titul qazanan tarixdəki doqquzuncu ən gənc oyunçu olub. Mayami turniri çərçivəsində isə yalnız Karlos Alkaraz ondan daha gənc yaşda bu uğura nail olmuşdu — Alkaraz 2022-ci ildə 18 yaşında bu turnirin qalibi olmuşdu.
Menşik bu nailiyyətlə yanaşı ATP reytinqində ilk dəfə Top-30-luğa daxil olacaq. O, həmçinin 1000 reytinq xalı və 1 124 380 ABŞ dolları mükafat əldə edib. Cokoviç isə finalçılıq üçün 650 xal və 597 890 dollarla kifayətlənib.
Yakub Menşik 2005-ci ildən sonra bu səviyyədə titul qazanan ilk çexiyalı tennisçidir. O dövrdə bu uğura sonuncu dəfə Tomas Berdix imza atmışdı.



