Formula 1 və FIA 2026-cı ildən qüvvəyə minəcək texniki reqlamentə uyğun hazırlanmış yeni nəsil bolidlərin rəsmi vizuallarını açıqlayıb. Yeni qaydalar çərçivəsində maşınlar daha kiçik, yüngül və çevik olacaq, həm aerodinamika, həm də şassi ölçülərində ciddi dəyişikliklər tətbiq ediləcək.
Daha yüngül, daha kompakt, aktiv aerodinamika
FIA-nın təqdim etdiyi rendlərə əsasən, 2026 bolidlərində aktiv aerodinamika sistemi istifadə olunacaq: ön və arxa qanadlar xüsusi rejimlərdə hava müqavimətini azaltmaq üçün konfiqurasiyanı dəyişə biləcək. Təkər bazası təxminən 200 mm qısaldılacaq, avtomobilin eni isə 100 mm azaldılacaq, nəticədə maşınlar indiki nəsillə müqayisədə xeyli kompakt olacaq. Minimum çəki 770 kq ətrafında elan olunub (FIA reqlamentində 768 kq hədəfi qoyulub), bu da 2022-ci il nəsli ilə müqayisədə təxminən 30 kq azalmaya bərabərdir. Paddok iştirakçılarının bir qismi ilk mövsümdə bu çəkiyə real şərtlərdə çatmağın çətin olacağını düşünür.
Yeni aero konsepsiyası ilə ümumi hava müqavimətinin təxminən 40 faiz azalacağı, yerə basma qüvvəsinin isə əvvəlki maşınlarla müqayisədə 15–30 faiz aşağı düşəcəyi qeyd olunur. Məqsəd daha “çevik bolid” konsepsiyasına yaxınlaşmaq, trasda ardıcıl döyüşü və ötmələri asanlaşdırmaqdır.
Pirelli-nin 2026 şinləri: yeni dizayn, eyni diametr
Rendlərdə 2026 mövsümü üçün Pirelli şinlərinin yenilənmiş brendinqi də nümayiş etdirilir. Komandalar bu şinləri artıq Əbu-Dabi Qran-prisindən sonra keçirilən testlərdə sınaqdan keçiriblər. Disk diametri əvvəlki kimi 18 düym qalır, FIA-nın 16 düymə keçid təklifi rədd edilib. Bununla belə, kütləni azaltmaq və aerodinamikaya müsbət təsir üçün şinlərin protektor eni azaldılıb: ön təkərlərdə 25 mm, arxa təkərlərdə 30 mm daralma, ümumi diametrdə isə ön tərəfdə 15 mm, arxada 10 mm azalma nəzərdə tutulur. Pirelli bildirir ki, performans cari spesifikasiyaya yaxın olacaq, amma qarışqlar arasındakı fərqin artırılması sayəsində yarış strategiyalarında daha çox müxtəliflik gözlənilir.



