2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkü bu gün FIFA-nın mənzil-qərargahında Bakı vaxtı ilə saat 16:00-da atılacaq.
Püşk mərasimində seçmə mərhələdə qruplarını ikinci pillədə tamamlayan 12 komandaya, həmçinin Millətlər Liqasından yüksələn Rumıniya, İsveç, Şimali İrlandiya və Şimali Makedoniya əlavə olunacaq. Beləliklə, ümumilikdə 16 komanda dörd səbətə bölünəcək.
Səbətlər belə formalaşıb:
- I səbət: Türkiyə, İtaliya, Ukrayna, Danimarka
- II səbət: Uels, Polşa, Çexiya, Slovakiya
- III səbət: Albaniya, İrlandiya, Kosovo, Bosniya və Herseqovina
- IV səbət: Rumıniya, İsveç, Şimali İrlandiya, Şimali Makedoniya
Pley-off mərhələsində yarımfinal görüşləri 26 mart 2026-cı ildə keçiriləcək, final qarşılaşmaları isə 31 mart tarixində baş tutacaq. Final oyunlarının qalibi isə Dünya Çempionatına bilavasitə vəsiqə qazanacaq.
Bu mərhələ Avropa yığmaları üçün ən mühüm həlledici etaplardan biri olacaq, komandaların dünya kubokuna vəsiqə uğrunda mübarizəsi böyük maraq doğurur.



