Beynəlxalq Şahmat Federasiyası (FIDE) Rusiya Şahmat Federasiyasına qarşı sanksiya tətbiq edib. Qurumun yaydığı məlumata əsasən, federasiyanın üzvlüyü müvəqqəti olaraq dayandırılıb. Buna səbəb İdman Arbitraj Məhkəməsinin (CAS) qərarında əks olunan tələblərin müəyyən edilmiş müddətdə yerinə yetirilməməsidir.
FIDE-nin açıqlamasında bildirilib ki, CAS tərəfindən qəbul edilən qərarın icrası üçün verilən son tarix başa çatsa da, tələb olunan addımlar tam şəkildə həyata keçirilməyib. Bu səbəbdən beynəlxalq qurum Rusiya Şahmat Federasiyasının statusu ilə bağlı sanksiya tədbirinə əl atıb.
CAS qərarının icrası əsas şərt idi
İdman Arbitraj Məhkəməsinin qərarına əsasən, Rusiya Şahmat Federasiyası 90 gün ərzində Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşən Krım Muxtar Respublikası, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində bütün şahmat fəaliyyətini dayandırmalı idi. Lakin FIDE-nin məlumatına görə, həmin tələblər müəyyən edilmiş son tarixə – 9 iyun 2026-cı ilədək yerinə yetirilməyib.
Məhz bu səbəbdən FIDE Rusiya Şahmat Federasiyasının üzvlüyünün müvəqqəti dayandırılması barədə qərar qəbul edib. Qurum vurğulayıb ki, beynəlxalq federasiyanın qərarları və CAS hökmlərinin icrası bütün üzv təşkilatlar üçün məcburidir.
Məlumata görə, FIDE Şurasının növbəti iclası iyunun 17-də baş tutacaq. Həmin toplantıda CAS qərarının icra vəziyyəti yenidən qiymətləndiriləcək və təşkilatın nizamnaməsinə uyğun olaraq əlavə tədbirlərin görülüb-görülməməsi müzakirə olunacaq.
Qeyd edək ki, FIDE ilə Rusiya Şahmat Federasiyası arasında mübahisə Rusiyanın Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazilərində fəaliyyət göstərən regional şahmat təşkilatlarını öz strukturuna daxil etməsindən sonra yaranmışdı. Məsələ daha sonra CAS-da araşdırılmış və məhkəmə Rusiya tərəfinin həmin fəaliyyətləri dayandırmasını tələb edən qərar qəbul etmişdi.




