Azərbaycan şahmatı beynəlxalq arenada növbəti böyük uğura imza atıb. Qrossmeyster Aydın Süleymanlı Honkonqda keçirilən rapid və blits üzrə komandalararası dünya çempionatında dünya şahmatının canlı əfsanəsi, 16-cı dünya çempionu Maqnus Karlsen üzərində parlaq qələbə qazanıb.
Turnirin ən diqqətçəkən nəticələrindən biri hesab edilən bu qarşılaşma Azərbaycanın “Odlar Yurdu” komandası ilə yarışın favoritlərindən sayılan “WR Chess” arasında baş tutub. Süleymanlının Karlsenə qalib gəlməsi komandasının ümumi uğurunda həlledici rol oynayıb və matç Azərbaycan təmsilçisinin 3,5:2,5 hesablı qələbəsi ilə yekunlaşıb.
Favorit komandaya qarşı vacib qələbə
“WR Chess” turnirin ən güclü kollektivlərindən biri hesab olunur. Komandanın heyətində Maqnus Karlsenlə yanaşı, Fabiano Karuana, Uesli So və Maksim Vaşye-Laqrav kimi dünya şahmatının aparıcı simaları çıxış edirlər.
Buna baxmayaraq, “Odlar Yurdu” güclü rəqib qarşısında inamlı oyun nümayiş etdirərək vacib matç xalını qazanıb. Karlsen üçün isə bu məğlubiyyət turnirdə ardıcıl dördüncü uğursuz nəticə kimi qeydə alınıb ki, bu da Norveçli qrossmeyster üçün nadir hallarda rast gəlinən göstəricidir.
Hazırda Azərbaycan komandası yarışda mübarizəni davam etdirir və aktivində 13 matç xalı var.
Azərbaycan təmsilçisinin heyətində aşağıdakı şahmatçılar yer alırlar:
- Aydın Süleymanlı
- Rauf Məmmədov
- Əhməd Əhmədzadə
- Xəzər Babazadə
- Günay Məmmədzadə
- Vüqar Manafov
- Nataliya Buksa
- Murad Haşımov
Honkonqda keçirilən rapid və blits üzrə komandalararası dünya çempionatı iyunun 22-dək davam edəcək. Yarışda 40-dan çox komanda iştirak edir və onların heyətində dünyanın ən güclü qrossmeysterləri mübarizə aparırlar.




