Böyük Britaniyada keçirilən ATP 500 London turnirinin qalibi müəyyənləşib. Final görüşündə argentinalı tennisçi Fransisko Serundolo mövsümün ən vacib qələbələrindən birinə imza ataraq nüfuzlu turnirin çempionu olub.
Reytinqdə 27-ci pillədə qərarlaşan Serundolo həlledici qarşılaşmada amerikalı Tommi Polu məğlub etməyi bacarıb. Üç set davam edən gərgin mübarizə 3 saat 4 dəqiqə çəkib. İlk setdə tay-brekdə uduzan argentinalı tennisçi sonradan oyunun gedişatını dəyişərək növbəti iki seti öz hesabına yazdırıb.
Bu qələbə ilə Serundolo rəqibi ilə şəxsi görüşlərdə üstünlüyünü daha da artırıb. Hazırda onların qarşılaşmalarında hesab 6:2 argentinalının xeyrinədir.
27 yaşlı tennisçi Londondakı uğura gedən yolda bir sıra güclü rəqibləri mübarizədən kənarlaşdırıb. O, turnir ərzində Aleksandar Kovaçeviç, Censon Bruksbi, Artur Feri və Brendon Nakaşima üzərində qələbələr qazanaraq finala yüksəlmişdi.
Londonda əldə olunan nəticə Serundolonun peşəkar karyerasındakı ən böyük titul hesab olunur. O, həmçinin ATP 500 kateqoriyasında keçirilən London turnirinin tarixində çempion olmağı bacaran ilk argentinalı tennisçi kimi adını tarixə yazdırıb.
Bu uğur Serundolonun karyerasındakı beşinci ATP titulu olub. Maraqlıdır ki, onun qazandığı beş kubokdan ikisi məhz ot örtüklü kortlarda əldə edilib. Wimbledon öncəsi qazanılan bu qələbə argentinalının çəmən kortlarda da ciddi rəqib olduğunu bir daha təsdiqləyib.
ATP 500 London. Ot örtüyü, final
Fransisko Serundolo [7] – Tommi Pol [8] – 6:7 (4:7), 6:4, 6:3




