Peşəkar boksda yeni güc mərkəzi olmağa çalışan Zuffa Boxing növbəti böyük transferini reallaşdırmağa hazırlaşır. Xarici KİV-in yaydığı məlumata görə, təşkilatın əsas hədəfi mütləq ağır çəki dünya çempionu Aleksandr Usikdir. İddialara əsasən, ukraynalı boksçu peşəkar karyerasındakı son qarşılaşmasını məhz Zuffa Boxing bayrağı altında keçirə bilər.
Şirkətin məqsədi ənənəvi dünya çempionluğu kəmərlərinə bağlı olmayan yeni boks modeli formalaşdırmaqdır. Bu layihə WBA, WBC, WBO və IBF kimi aparıcı təşkilatlardan müstəqil fəaliyyət göstərməyi nəzərdə tutur. Zuffa Boxing artıq tanınmış boksçuları heyətinə cəlb etsə də, təşkilat hələ də bütün diqqəti üzərinə çəkəcək əsas ulduzu axtarır.
Usik müqaviləsi Zuffa üçün strateji addım ola bilər
Məlumatlara görə, Aleksandr Usikin mümkün transferi hər iki tərəf üçün sərfəli görünür. Ukraynalı çempion rekord məbləğdə qonorar əldə edə, Zuffa Boxing isə mütləq dünya çempionunu heyətinə qatmaqla bazarda ciddi nüfuz qazana bilər. Hazırda tərəflər arasında danışıqların davam etdiyi bildirilir.
Bu günlərdə Zuffa Boxing dörd çəki dərəcəsində dünya çempionu olmuş Şakur Stivensonla da çoxdöyüşlük müqavilə imzalayıb. Bununla belə, şirkət rəhbərliyi hesab edir ki, Usik kimi dünya miqyasında tanınan superulduzun cəlb olunması layihənin inkişafı baxımından daha böyük rezonans yaradacaq.
Aleksandr Usik isə daha əvvəl karyerasını yaxın illərdə başa vurmaq niyyətində olduğunu gizlətməyib. Buna görə də onun son peşəkar döyüşünün hansı təşkilatın himayəsində keçiriləcəyi boks ictimaiyyətinin ən çox müzakirə etdiyi mövzulardan biri olaraq qalır.




