Karlos Alkaras dörd aylıq fasilədən sonra korta qayıdır

İspaniyalı tennisçi Karlos Alkaras zədə səbəbindən yaranan uzun fasiləni başa vurmağa hazırlaşır. 23 yaşlı sabiq dünya birincisi US Open-2026-da iştirak edəcəyini təsdiqləyib və Nyu-Yorkda ötən il qazandığı titulunu qorumağa çalışacaq.

Alkaras sosial şəbəkədə geri dönüşünü qısa şəkildə elan edib:

“Here we go”, – ispaniyalı tennisçi yazıb.

Bu qərarla Alkaras təxminən dörd aydan sonra ilk dəfə rəsmi turnirdə korta çıxacaq. Onun son yarışı apreldə keçirilən Barselona turniri olub.

Bilək zədəsi Alkarası iki “Grand Slam”dan kənarda qoydu

İspaniyalı tennisçi Barselonada sağ biləyindən zədələndikdən sonra turnirdə mübarizəni davam etdirə bilməmişdi. Sonrakı tibbi müayinələrdən sonra komandası risk etməmək və bərpa prosesinə vaxt ayırmaq qərarına gəldi.

Zədə səbəbindən Alkaras “Rolan Qarros” və Uimbldonu buraxdı. O, həmçinin Madrid və Roma turnirlərində iştirak etmədi. Avqustda Sinsinnatidə korta qayıtması planlaşdırılsa da, biləyindəki problemin davam etməsi səbəbindən bu turnirdən də çəkildi.

Son həftələrdə Alkaras məşqlərin intensivliyini artırıb. O, Mursiyada danimarkalı Holger Rune ilə də məşq edib və artıq mövsümün son “Grand Slam” turnirində yarışmağa hazırlaşır.

Nyu-Yorkda titulunu qorumağa çalışacaq

US Open Alkaras üçün xüsusi əhəmiyyət daşıyır. İspaniyalı ilk “Grand Slam” titulunu 2022-ci ildə məhz Nyu-Yorkda qazanıb. O, 2025-ci ildə finalda Yannik Sinnerə qalib gələrək turnirin çempionu olub və buna görə builki yarışa titulun sahibi kimi qatılacaq.

Alkarasın aktivində hazırda yeddi “Grand Slam” titulu var. O, 2026-cı ilin əvvəlində “Australian Open”da da çempion olaraq karyera “Grand Slam”ını tamamlayan ən gənc kişi tennisçi olmuşdu.

US Open-2026-nın əsas mərhələsi avqustun sonunda başlayacaq və sentyabrın 13-də yekunlaşacaq. Alkaras üçün turnir yalnız titulun müdafiəsi deyil, həm də dörd aylıq zədə fasiləsindən sonra böyük tennisə qayıdış olacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni