Boksda ilin sensasiyası: Filip Hrqoviç İtaumanı məğlub edərək dünya çempionu oldu

Londonda super ağır çəki dərəcəsində ilin ən gözlənilməz nəticələrindən biri qeydə alınıb. “O2 Arena”da keçirilən boks gecəsinin əsas döyüşündə xorvatiyalı Filip Hrqoviç britaniyalı Mozes İtaumanı doqquzuncu raundda dayandıraraq vakant IBF dünya çempionu titulunu qazanıb.

21 yaşlı İtauma qarşılaşmaya məğlubiyyətsiz – 14 qələbə və 12 nokaut, Hrqoviç isə cəmi bir məğlubiyyətlə çıxmışdı. Britaniyalı boksçu qələbə qazanacağı halda Mayk Taysondan sonra super ağır çəkidə dünya çempionu olan ikinci ən gənc boksçu ola bilərdi. Lakin 34 yaşlı Hrqoviç döyüşün gedişini tam dəyişməyi bacarıb.

İtauma ilk raundlarda Hrqoviçi çətin vəziyyətə saldı

Qarşılaşmanın başlanğıcı İtaumanın aşkar üstünlüyü ilə keçib. Britaniyalı sürətli kombinasiyaları, hərəkətliliyi və müxtəlif bucaqlardan endirdiyi zərbələrlə rəqibini davamlı təzyiq altında saxlayıb.

İkinci raundda Hrqoviç ağır zərbədən sonra tarazlığını itirib və referi ona səkkizə qədər sayıb. İtauma bundan sonra da hücumlarını davam etdirərək həm baş, həm də gövdəyə güclü zərbələr endirib.

Xorvatiyalı boksçu isə ağır epizodlara baxmayaraq ayaqda qalmağı bacarıb. Beşinci raundun sonunda İtaumanın apperkotu yenidən Hrqoviç üçün ciddi təhlükə yaradıb. Bununla belə, döyüş uzandıqca britaniyalının əvvəlki tempini qorumaqda çətinlik çəkdiyi hiss olunmağa başlayıb.

Yeddinci raund İtaumanın peşəkar karyerasında indiyədək keçdiyi ən uzun döyüş mərhələsi olub. O, əvvəlki 14 qarşılaşmasının heç birində altıncı raunddan irəli getməmişdi.

Hrqoviç doqquzuncu raundda inanılmaz dönüş etdi

Səkkizinci raundda döyüşün mənzərəsi dəyişməyə başlayıb. İtaumada yorğunluq daha aydın hiss olunub, Hrqoviç isə çoxsaylı ağır zərbələr qəbul etməsinə baxmayaraq irəli getməyə davam edib və tədricən təşəbbüsü ələ keçirib.

Həlledici hadisələr doqquzuncu raundda yaşanıb. Hrqoviç yorğun rəqibinə ardıcıl güclü zərbələr endirib və onu kəndirlərə sıxışdırıb. İtaumanın məşqçisi Ben Devison vəziyyətin təhlükəli olduğunu görərək dəsmalı rinqə atıb və qarşılaşma dayandırılıb.

Beləliklə, Filip Hrqoviç doqquzuncu raundda texniki nokautla qalib gələrək vakant IBF tituluna sahib çıxıb. O, eyni zamanda super ağır çəkidə dünya çempionu olan ilk xorvatiyalı boksçu kimi tarixə düşüb. İtauma isə peşəkar karyerasında ilk məğlubiyyətini alıb.

Döyüşdən sonra Hrqoviç rəqibinin yüksək potensialını xüsusi vurğulayıb: “Mən indiki zamanam, o isə mütləq gələcəkdir. O, inanılmaz döyüşçüdür”.

Yeni IBF çempionunun növbəti rəqibinin kubalı Frank Sançes olması gözlənilir. Hrqoviç isə titul birləşdirmə döyüşləri keçirmək istədiyini açıqlayıb.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni