Almaniya Braziliyanı məğlub edərək Socca üzrə dünya çempionu oldu

Almaniyanın Essen şəhərində keçirilən Socca üzrə 2026-cı il Dünya Çempionatına yekun vurulub. Həlledici qarşılaşmada meydan sahibləri Braziliyanı 3:1 hesabı ilə məğlub edərək doğma azarkeşləri qarşısında dünya çempionu olublar.

Avqustun 28-dən sentyabrın 6-dək davam edən turnirdə 48 ölkənin komandası iştirak edib. Altı nəfərlik komandalarla keçirilən Socca qarşılaşmalarının hər biri 40 dəqiqə davam edib.

Finala Braziliya daha yaxşı başlayıb. Flavio de Lima 6-cı dəqiqədə hesabı açaraq komandasını önə keçirib. Almaniya isə ilk hissənin sonlarında oyunun gedişini tam dəyişib. Qaspard Felinqer 20-ci dəqiqədə bərabərlik qolunu vurub, Raffael Kobrovski isə 20+3-cü dəqiqədə meydan sahiblərini hesabda irəli çıxarıb.

Almaniya ikinci dəfə dünya çempionu oldu

Fasilədən sonra Braziliya hesabı bərabərləşdirməyə çalışsa da, Almaniya üstünlüyünü qoruyub. Görüşün 38-ci dəqiqəsində Paul Kolştadt üçüncü qolu vuraraq finalın nəticəsini müəyyənləşdirib – 3:1.

Socca üzrə Dünya Çempionatı 2026, final

Braziliya – Almaniya – 1:3

  • Qollar: Flavio de Lima, 6 – Qaspard Felinqer, 20, Raffael Kobrovski, 20+3, Paul Kolştadt, 38

Bu nəticə ilə Almaniya Socca üzrə tarixində ikinci dəfə dünya çempionu olub. Komanda ilk titulunu 2018-ci ildə qazanmışdı. Beləliklə, Almaniya turnirin tarixində iki dəfə dünya çempionu olmağı bacaran ilk yığmaya çevrilib.

Üçüncü yer uğrunda qarşılaşmada Polşa Xorvatiyanı 6:0 hesabı ilə darmadağın edərək turniri bürünc medalla başa vurub. Polşa yarışa son dünya çempionu statusunda qatılmışdı, lakin yarımfinalda Almaniyaya 2:3 hesabı ilə məğlub olmuşdu.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni