Lionel Messi İspaniyada daha bir klub almağa hazırlaşır

Lionel Messi futbol biznesində fəaliyyətini genişləndirməyə hazırlaşır. Argentinalı ulduz İspaniyanın ikinci liqasında mübarizə aparan “CD Eldense” klubunun səhmlərinin 100 faizini almaq üçün prinsipial razılığa gəlib.

Razılaşmaya əsasən, Messi klubun hazırkı əsas səhmdarı olan Kolumbiyanın TH investisiya qrupuna məxsus səhmləri əldə etməlidir. Elda şəhərinin meri Ruben Alfaro da argentinalı futbolçunun nümayəndələrinin prinsipial razılaşmanın əldə olunduğunu təsdiqlədiyini bildirib.

Bununla belə, sövdələşmə hələ tamamlanmayıb. Tərəflər hüquqi və müqavilə prosedurlarını yekunlaşdırmalı, həmçinin əməliyyat İspaniyanın Ali İdman Şurasının (CSD) təsdiqindən keçməlidir.

Messi “Eldense”ni təkbaşına almaq istəyir

İlkin məlumatlarda Andres İnyesta və Karles Puyolun da layihədə iştirak edə biləcəyi bildirilsə də, son məlumatlara əsasən, Messi “Eldense”nin səhmlərini tərəfdaş olmadan əldə etməyi planlaşdırır. Rəsmi imzaların yaxın günlərdə atıla biləcəyi gözlənilir, lakin əməliyyatın tamamlanması üçün konkret tarix açıqlanmayıb.

1921-ci ildə yaradılan “Eldense” Alikante əyalətinin Elda şəhərini təmsil edir. Komanda hazırda 22 klubun iştirak etdiyi İspaniya ikinci liqasında ilk dörd turdan sonra iki heç-heçə və iki məğlubiyyətlə 20-ci pillədə qərarlaşıb.

Bu, Messinin İspaniya futboluna ilk sərmayəsi olmayacaq. O, 2026-cı il aprelin 16-da Kataloniyanın “UE Cornellà” klubunu satın alaraq onun sahibi olub. 1951-ci ildə yaradılan komanda hazırda İspaniya futbolunun beşinci səviyyəsi olan Tercera Federación-da çıxış edir.

“Eldense” ilə sövdələşmə bütün prosedurlardan keçərək rəsmiləşərsə, Messi İspaniyada iki futbol klubunun sahibi olacaq. 39 yaşlı argentinalı hazırda futbolçu karyerasını MLS təmsilçisi “Inter Miami”də davam etdirir.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni