Azərbaycanda III Beynəlxalq Xankəndi Ultramarafonuna qeydiyyat başlayıb. Yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və “Zəfər” Qaçış Klubunun təşkilatçılığı ilə keçiriləcək.
Dörd gün davam edəcək ultramarafon 8–11 oktyabr tarixlərində Qəbələ–Xankəndi marşrutu üzrə təşkil olunacaq. İştirakçılar ümumilikdə 192 kilometr məsafə qət edəcəklər. Beynəlxalq ultramarafon təqvimində də yer alan yarış dörd mərhələdən ibarətdir.
İştirakçıları 192 kilometrlik marşrut gözləyir
Start oktyabrın 8-də saat 08:00-da Qəbələ şəhərindən veriləcək. Ultramarafon oktyabrın 11-də Xankəndi şəhərinin mərkəzində başa çatacaq.
Yarışın rəsmi proqramına əsasən, mərhələlər belədir:
- I mərhələ: Qəbələ → Ağdaş — 55 km
- II mərhələ: Ağdaş → Bərdə — 65 km
- III mərhələ: Bərdə → Ağdam — 44 km
- IV mərhələ: Ağdam → Xankəndi — 28 km
Marşrut Ağdaş, Ləki, Yevlax, Bərdə, Ağdam, Əsgəran və Xocalıdan keçərək Xankəndidə tamamlanacaq. Yarışın əsas məqsədləri sağlam həyat tərzinin və qaçış idmanının təbliği, həmçinin Azərbaycanın müxtəlif bölgələrinin idman vasitəsilə tanıdılmasıdır.
Qaliblər müxtəlif kateqoriyalar üzrə mükafatlandırılacaq
Ultramarafonun yekununda ümumi və master kateqoriyalarının qalibləri müəyyənləşdiriləcək. Bundan əlavə, 40+, 50+ və 60+ yaş qruplarında xüsusi mükafatlar təqdim olunacaq.
Hər mərhələnin qalibləri xüsusi medal və hədiyyələrlə təltif ediləcək. Bütün məsafəni başa vuraraq finişə çatan iştirakçılara isə xüsusi medal və sertifikat veriləcək. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Atletika Federasiyasının müəyyən etdiyi normativlərə uyğun olaraq II və III idman dərəcələrinin verilməsi də nəzərdə tutulur.
Yarışa qeydiyyatdan keçmiş 18 yaşdan yuxarı idmançılar, həmçinin 21 kilometrdən artıq məsafəyə qaçış təcrübəsi olan iştirakçılar qatıla bilərlər. Yerlərin məhdud olduğu bildirilir. Vaxtında qeydiyyatdan keçən iştirakçılar üçün transfer, otel və yerləşmə imkanları təşkilatçılar tərəfindən təmin ediləcək.





