Maks Ferstappen sonuncu yerdən başlayaraq 100 rəqibini qabaqladı

“Formula-1” üzrə dördqat dünya çempionu Maks Ferstappen Böyük Britaniyanın məşhur “Silverstoun” trasında təşkil olunan qeyri-adi “Max vs 100” kartinq yarışında möhtəşəm geridönüşə imza atıb.

Niderlandlı pilot start düzülüşündə 101-ci, yəni sonuncu mövqedən mübarizəyə başlayıb. Onun qarşısında 100 həvəskar kartinq sürücüsü yer alıb. Ferstappenə bütün rəqiblərini keçmək üçün 35 dəqiqə vaxt verilib.

Yarışın formatına əsasən, iştirakçılar 30 dövrə tamamlamalı idilər. “Formula-1” pilotunun peşəkar təcrübəsi isə ilk dəqiqələrdən özünü göstərib.

Ferstappen ilk dövrədə 63 rəqibini keçdi

Startdan dərhal sonra sürətlə irəliləyən Ferstappen cəmi bir dövrə ərzində 63 iştirakçını geridə qoymağı bacarıb. Yarışın 15-ci dəqiqəsinə çatanda niderlandlı artıq yeddinci mövqeyə yüksəlib.

Ferstappen 14-cü dövrədə liderliyi ələ keçirərək qarşısındakı bütün 100 rəqibi keçib. Beləliklə, sonuncu pillədən başlayan dördqat dünya çempionu yarışın yarısı tamamlanmamış birinci yerə yüksəlib.

Təşkilatçılar mübarizəni daha maraqlı etmək üçün yarışın son hissəsində əlavə dəyişiklik ediblər. Ferstappen tərəfindən dövrəvi geridə qoyulan ən sürətli iştirakçılara yenidən mübarizəyə qoşulmaq imkanı yaradılıb.

Buna baxmayaraq, həvəskar pilotlar “Formula-1” ulduzunun tempinə cavab verə bilməyiblər. Ferstappen liderliyini qoruyaraq 30 dövrənin sonunda finiş xəttini birinci keçib.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni