24 qat “Böyük Dəbilqə” çempionu Novak Cokoviç uzun fasilədən sonra yenidən Çin Açıq turnirində mübarizə aparacaq. 39 yaşlı serbiyalı tennisçi sentyabrın 30-da start götürəcək ATP 500 kateqoriyalı yarışda iştirakını təsdiqləyib.
Bu, Cokoviçin 2015-ci ildən sonra Pekində ilk çıxışı olacaq. Çin paytaxtındakı turnir serbiyalı üçün karyerasının ən uğurlu yarışlarından biridir: o, burada altı dəfə iştirak edib və hər dəfə çempionluğu qazanıb.
Cokoviç Çin Açıqda keçirdiyi 29 matçın hamısında qalib gəlib. Sonuncu dəfə 2015-ci ildə finalda Rafael Nadalı 6:2, 6:2 hesabı ilə məğlub edərək altıncı tituluna sahib çıxıb.
Cokoviç Pekinə qayıdışını səbirsizliklə gözləyir
Serbiyalı tennisçi 11 ildən sonra yenidən Çin azarkeşləri qarşısında oynayacağı üçün sevindiyini bildirib.
“Mən çox şadam ki, uzun illərdən sonra Çin Açıq turniri üçün Pekinə qayıtdığımı elan edirəm. Yenidən burada, karyeram ərzində inanılmaz xatirələrimin və böyük uğurlarımın olduğu Milli Tennis Mərkəzində sizin qarşınızda oynayacağım üçün çox həyəcanlıyam. Çinli azarkeşlərə illər ərzində göstərdikləri sevgi və dəstəyə görə təşəkkür etmək istəyirəm. Qarşınızda oynamaq üçün səbirsizlənirəm”, – Cokoviç deyib.
ABŞ Açıqdan sonra ilk turniri olacaq
Pekin yarışı Cokoviçin ABŞ Açıqdan sonra qatılacağı ilk turnir olacaq. Nyu-Yorkda o, gözlənilmədən elə ilk mərhələdə argentinalı Mariano Navoneyə beş setdə məğlub olub – 6:7 (5:7), 7:5, 6:4, 2:6, 1:6.
Dörd saat 36 dəqiqə davam edən qarşılaşma Cokoviçin “Böyük Dəbilqə” turnirlərində karyerasının ən uzun ilk tur matçı olub. Bu, həm də onun 2006-cı ildən sonra “Böyük Dəbilqə” yarışının açılış mərhələsində ilk məğlubiyyəti kimi tarixə düşüb.
Hazırda ATP reytinqində 12-ci pillədə qərarlaşan Cokoviç Pekindəki turnirdən sonra mövsümün Asiya hissəsini davam etdirməyi planlaşdırır.





