Uzun illərdir gözlənilən Tayson Fyuri – Entoni Coşua döyüşü nəhayət baş tutacaq. Britaniyanın keçmiş dünya çempionları dekabrın 11-də Uelsin paytaxtı Kardiffdə rinqə çıxacaqlar. Qarşılaşma təxminən 74 min tamaşaçı tutumuna malik “Principality Stadium”da keçiriləcək və qlobal olaraq Netflix vasitəsilə canlı yayımlanacaq.
Döyüşün təşkilatçısı Turki Əl əş-Şeyx qarşılaşmanın Böyük Britaniyada keçiriləcəyini rəsmən təsdiqləyib. Bununla da peşəkar karyeraları ərzində dəfələrlə gündəmə gələn, lakin müxtəlif səbəblərdən reallaşmayan Fyuri – Coşua qarşılaşması üçün razılıq əldə olunub.
“Bu nəslin ən yaxşı ağır çəkili boksçularından ikisi nəhayət rinqdə üz-üzə gələcək. Bu, boks tarixinin ən böyük döyüşlərindən biri olacaq”, – deyə Turki Əl əş-Şeyx bildirib.
Fyuri və Coşua ilk dəfə rinqdə qarşılaşacaqlar
Döyüşün məkanı danışıqlar zamanı əsas məsələlərdən biri olub. Daha əvvəl Londonun məşhur “Wembley” stadionu variantlar arasında göstərilirdi, ABŞ-da döyüşün təşkili də müzakirə olunurdu. Yekunda tərəflər Kardiffdə qarşılaşmaq barədə razılığa gəliblər.
38 yaşlı Fyuri ilə 36 yaşlı Coşua peşəkar boksda indiyədək bir-biri ilə qarşılaşmayıblar. Britaniyalı ağır çəkililərin mümkün döyüşü on ildən artıqdır müzakirə edilir və əvvəlki danışıqlar müxtəlif mərhələlərdə nəticəsiz qalıb.
Fyuri hazırda 36 qələbə, 2 məğlubiyyət və 1 heç-heçədən ibarət peşəkar göstəriciyə malikdir. Coşuanın hesabında isə 30 qələbə və 4 məğlubiyyət var. İki boksçunun ümumilikdə 52 nokaut qələbəsi mövcuddur.
Döyüş öncəsi ilk böyük tədbir sentyabrın 30-da Londonda keçiriləcək. Həmin gün Fyuri və Coşuanın iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Döyüş gecəsinin tam proqramının isə daha sonra açıqlanması gözlənilir.





