Bu gün Bakı, sayca səkkizinci dəfə Formula 1 Azərbaycan Qran-Prisinə ev sahibliyi edəcək. Yarışda 10 komandanın 20 pilotu birincilik uğrunda mübarizəyə başlayacaq. Bakı şəhərinin məşhur trekinin uzunluğu 6 kilometr təşkil edir və dünya şöhrətli pilotlar, o cümlədən Luis Hemilton, Fernando Alonso, Maks Ferstappen və Şarl Lekler bu möhtəşəm mübarizədə iştirak edəcəklər.
Bakı treki Formula 1 təqvimindəki ən uzun və ən maraqlı marşrutlardan biri kimi tanınır. Yarışçılar 20 döngədən ibarət olan bu unikal yolda mübarizə aparacaqlar. Trek Azadlıq meydanından başlayaraq Hökumət Evinin ətrafından fırlanır, sonra İçərişəhərin dar yolları boyunca hərəkət edərək Qız qalasına çatır və Neftçilər prospekti üzərindən yenidən start xəttinə qayıdır. Yarış boyunca pilotlar UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilmiş İçərişəhərin tarixi məkanlarını, Bakının müasir memarlıq abidələrini və Xəzərin sahil boyu mənzərəsini görə biləcəklər.
Yarışın hər biri 51 dövrədən ibarət olacaq. Bakı trekindəki ən geniş yer 13 metr olsa da, ən dar hissələr İçərişəhər ətrafındakı 7-ci və 8-ci döngələrdir, burada trek cəmi 7,6 metr genişliyindədir. Almaniyalı məşhur memar Hermann Tilke tərəfindən hazırlanan Bakı Şəhər Halqası saat əqrəbinin əksinə hərəkət istiqamətində dizayn edilib və pilotlar üçün həm sürət, həm də texniki bacarıq tələb edən bir yol kimi məşhurdur.
Formula 1 Azərbaycan Qran-Prisinin start və finiş nöqtəsi Azadlıq meydanında yerləşir. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub. Yarışın ilk günü Formula 1 və Formula 2 üzrə sərbəst yürüş və sıralama turları ilə başlayacaq. Sentyabrın 14-də Formula 1 üzrə sərbəst yürüş, sıralama turu və Formula 2 üzrə sprint yarışı keçiriləcək. Ayın 15-də isə əsas yarış baş tutacaq.
Azərbaycan 2016-cı ildən etibarən Formula 1 yarışlarına ev sahibliyi edir. İlk yarış Avropa Qran-Prisi adlandırılsa da, sonrakı illərdə Azərbaycan Qran-Prisi adı ilə tanınmağa başladı. İlk qalib almaniyalı Niko Rosberq olmuşdur, sonrakı illərdə isə Daniel Rikkardo, Luis Hemilton, Valtteri Bottas, Serxio Peres və Maks Ferstappen Bakıda qalibiyyət qazanıblar. Yalnız 2020-ci ildə pandemiya səbəbindən yarış keçirilməyib.
Bakının Formula 1 təqvimindəki xüsusi yeri və unikal trek strukturu bu yarışı hər il milyonlarla televiziya tamaşaçısı üçün maraqlı edir.