Belaruslu tennisçi, dünya reytinqinin lideri Arina Sobolenko, ABŞ-da keçirilən WTA-1000 kateqoriyalı turnirin finalında amerikalı Cessika Peguulanı 7:5, 6:2 hesabı ilə məğlub edərək Miami Open 2025-in qalibi oldu. Bu Sobolenkonun cari ildəki dördüncü finalı və ikinci qələbəsidir.
Finala gedən yolda üstünlük
Arina turnir ərzində bir set belə itirmədi. Bunun əksinə olaraq, reytinqdə dördüncü yerdə olan Peguula üç gərgin matç keçirmişdi — 1/16 final, 1/4 final və yarımfinal görüşlərinin hər biri üç setdə yekunlaşmışdı. Bu isə Sobolenkoya fiziki üstünlük qazandırmışdı.
Onların şəxsi qarşılaşmalarında da üstünlük Arinanın tərəfində idi — keçirdikləri 8 oyundan 6-da qalib gəlmişdi. Ən yaddaqalan duel 2024-cü ilin sentyabrında, ABŞ Açıq Çempionatının finalında olmuşdu: Sobolenko yenə Peguulaya qalib gələrək titul qazanmışdı.
Oyunun gedişi
İlk set dəyişkən mübarizə ilə yadda qaldı. Arina matça rəqibinin servisini qıraraq başladı, lakin amerikalı tennisçi ardıcıl üç oyunu qazanaraq 3:2 önə keçdi. Sobolenko isə təşəbbüsü yenidən ələ aldı və 5:3 hesabı ilə irəliləyib. Peguula hesabı bərabərləşdirsə də, seti 7:5 hesabı ilə Arina qazandı.
İkinci setin əvvəlində hər iki oyunçu bir-birinin servisini qırdı — 1:1. Lakin daha sonra Sobolenko üç oyun ardıcıl qazandı və bu üstünlüyü qoruyaraq seti 6:2, oyunu isə 2:0 hesabı ilə başa vurdu.
Karyerasında 19-cu titul
Bu uğur Sobolenkonun fərdi karyerasında 19-cu titul oldu. O, daha əvvəl bu mövsümdə Brisben turnirində qalib gəlmiş, lakin Avstraliya Açıq və Indian Wells turnirlərinin finallarında məğlub olmuşdu.
Miami turnirindəki qələbəyə görə Arina Sobolenko 1,12 milyon ABŞ dolları məbləğində mükafat qazandı (vergilər çıxılmadan əvvəl).



