Azərbaycan çempionatlarının tarixində əlamətdar hadisə baş verib — 14000-ci qol vurulub.
Sport-az.com-ın Peşəkar Futbol Liqasına (PFL) istinadən verdiyi məlumata görə, bu tarixi hadisə Misli Premyer Liqasının 6-cı turunda keçirilən “Sabah” – “Turan Tovuz” oyunu zamanı baş verib. Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb və matçın ikinci qolu çempionatın 32 illik tarixində vurulan 14000-ci qol kimi yadda qalıb. Yubiley qolunu isə “Turan Tovuz”un müdafiəçisi Roderik Miller vurub.
Bu əlamətdar qol Azərbaycan çempionatlarının 33 mövsümü ərzində keçirilən 5762-ci oyunda qeydə alınıb. Maraqlıdır ki, həmin oyunlardan 278-i texniki nəticələrlə başa çatıb. Ümumilikdə isə 14002 qol 5484 oyunda vurulub.
Xatırladaq ki, ölkə çempionatlarının ilk qolu Mehman Alışanov tərəfindən vurulub. Bu tarixi qol 1992-ci il mayın 3-də keçirilən “Qarabağ” və “İnşaatçı” (Sabirabad) komandalarının qarşılaşmasında qeydə alınıb və “İnşaatçı” komandasının qapısına vurulmuşdu.