“Qarabağ” klubunun sabiq futbolçusu Artim Şakiri QOL.az-a verdiyi müsahibədə 2008/2009 mövsümündə Azərbaycanda çıxış etdiyi dövrdəki təəssüratları və hazırkı fəaliyyəti haqqında danışıb. O, həmin mövsümdə “Qarabağ”la Azərbaycan kubokunu qazanmışdı.
51 yaşlı makedoniyalı keçmiş yarımmüdafiəçiyə əsasən Ağdam klubu ilə bağlı suallar ünvanlanıb:
- Azərbaycan və “Qarabağ”ı necə xatırlayırsınız?
- Azərbaycanda çox gözəl günlərim olub. Bakıda yaşamağımdan və “Qarabağ”da oynamağımdan zövq almışam. O dövrdə özümü vətənimdəki kimi hiss edirdim.
- Hazırda nə işlə məşğulsunuz?
- Hazırda heç bir klubda işləmirəm, amma yenidən çalışmağa hazıram və klub axtarıram.
- Azərbaycana məşqçi kimi qayıtmaq istəyərdinizmi?
- Bəli, əgər təklif olsa, qayıtmaq və Azərbaycanda işləmək istəyərəm.
- “Qarabağ” klubundan kiminləsə əlaqə saxlayırsınız?
- İndiki futbolçularla əlaqəm yoxdur, amma keçmiş komanda yoldaşlarımdan bəziləri ilə hələ də əlaqə saxlayırıq. Eyni zamanda, klub rəhbərliyi ilə də münasibətlərimiz davam edir.
- Sabah “Qarabağ” Avropa Liqasında “Tottenhem”ə qarşı oynayacaq. Komandadan nə gözləyirsiniz?
- “Qarabağ”ın futbolçuları 90 dəqiqə ərzində var qüvvələri ilə mübarizə aparmalıdırlar. Belə rəqibə qarşı oynamaq çətindir, amma topu itirməmək və rəqibi dayandırmaq üçün çox əziyyət çəkmək lazımdır.
- Güclər arasında fərq çox böyükdür?
- Əslində fərq var, amma “Qarabağ”ın futbolçuları bunu düşünməməlidir. Əgər rəqibə həddindən artıq hörmət etsələr və onları çox ucaltsalar, oyunlarında problem olacaq.
- İngiltərədə “Vest Bromviç”də çıxış etmisiniz. “Tottenhem”ə qarşı oynamısınız?
- “Vest Bromviç”də oynayarkən komanda əvvəl Çempionşipdə idi, növbəti mövsümdə isə Premyer Liqaya yüksəldik, amma “Tottenhem”ə qarşı meydana çıxmamışam, ehtiyatda qalmışdım.
- “Qarabağ”ın avrokubok oyunlarını izləyirsiniz?
- Bəli, nə vaxt imkan tapsam, izləyirəm. Avropa Liqasındakı oyunlarının çoxunu izləməyə çalışıram.
- “Qarabağ”ın yeni Avropa Liqası formatında şanslarını necə qiymətləndirirsiniz?
- Hər komandanın bu turnirdə şansı var. “Qarabağ” avrokuboklarda hər il yaxşı nəticələr göstərir. İndi də hər hansı komandaya qalib gələ bilərlər, amma bu, asan olmayacaq.