Avropa Liqasının Liqa mərhələsinin ilk iki turundan sonra 36 iştirakçı komandanın müxtəlif göstəriciləri müəyyənləşib. Azərbaycan çempionu “Qarabağ” da bu göstəricilərdə iki sahədə fərqlənib.
Sport-az.com xəbər verir ki, “Qarabağ”ın Qurban Qurbanovun rəhbərliyi altında diqqət çəkdiyi iki əsas göstərici künc zərbələri və ofsaydlar olub. “Qarabağ” “Tottenhem” və “Malmö” ilə keçirdiyi oyunlarda ümumilikdə 16 künc zərbəsi yerinə yetirib. Bu göstərici ilə Azərbaycan çempionu Avropa Liqasında 3-cü yeri bölüşdürür. Eyni nəticəyə “Qalatasaray” da malikdir. Birinci yerdə isə 20 künc zərbəsi ilə “Mançester Yunayted”dir, ikinci pillədə isə “Beşiktaş” 17 künc zərbəsi ilə qərarlaşıb.
“Qarabağ” eyni zamanda ofsayd göstəricisində də ön sıralardadır. Təmsilçimiz “Roma” və “Alkmaar” komandaları kimi 8 dəfə oyundan kənar vəziyyətə düşüb. Bu göstərici ilə turnirdə ikinci yerdədir. “Olimpiakos” isə bu göstəricidə liderdir – 12 dəfə ofsayda düşüb.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının ilk turunda “Tottenhem”ə 0:3, ikinci turda isə “Malmö”yə 1:2 hesabı ilə məğlub olub.