ABŞ milli komandası 1960-cı ildən bəri ilk dəfə hokkey üzrə dünya çempionatının qalibi olub. Final görüşündə amerikalılar İsveçrə yığmasını əlavə vaxtda məğlub edərək sensasiyalı nəticəyə imza atıblar.
Final oyunu İsveçrənin Stokholm şəhərində keçirilib. Gərgin mübarizədə əsas vaxtda hesab açılmayıb. Matçın 63-cü dəqiqəsində ABŞ-ın hücumçusu Teyc Tompson həlledici qolu vuraraq komandasına qızıl medalı qazandırıb — 1:0.
ABŞ millisinə bu turnirdə 37 yaşlı məşqçi Rayan Varsovski rəhbərlik edib. O, eyni zamanda NHL klublarından olan “San-Xose”nin baş məşqçisidir. Bronz medallar isə İsveç yığmasına qismət olub. Skandinaviyalılar üçüncü yer uğrunda matçda Danimarkanı 6:2 hesabı ilə məğlub ediblər.
ABŞ tarixində üçüncü dünya çempionluğu
Bu, ABŞ-ın tarixində üçüncü dünya çempionluğudur. Daha əvvəl amerikalılar 1933 və 1960-cı illərdə qalib olublar. Bundan əlavə, 9 dəfə gümüş medal qazanıblar.
İsveçrə millisi dünya çempionatları tarixində beşinci dəfə finalda məğlub olub. Daha əvvəl bu komanda 1935, 2013, 2018 və 2024-cü illərdə də həlledici görüşlərdə uğur qazana bilməyib. Ötən il keçirilən finalda İsveçrə Çexiyaya 0:2 uduzmuşdu.
Dünya çempionatlarının reytinq liderləri
Hokkey üzrə dünya çempionatları 1920-ci ildən keçirilir, 1930-cu ildən isə hər il təşkil olunur. Bu turnirin ən titullu komandası 28 dəfə çempion olan Kanada yığmasıdır. İlk üçlüyə həmçinin Rusiya və SSRİ (birlikdə 27 titul) və Çexiya/Çexoslovakiya (cəmi 13 titul) daxildir.
Rusiya yığması isə Ukraynadakı vəziyyətə görə Beynəlxalq Hokkey Federasiyasının qərarı ilə artıq dördüncü dəfədir ki, turnirdə iştirak etmir. Həmçinin bu komanda 2026-cı ildə keçiriləcək Qış Olimpiya Oyunlarında da iştirak edə bilməyəcək.



