“Liverpul”un hücumçusu Məhəmməd Salah “Bernli”yə qarşı oyunda vurduğu yeganə qol ilə komandasına qələbə qazandırdı və eyni zamanda İngiltərə Premyer Liqasının tarixində böyük uğura imza atdı.
Bu qol sayəsində misirli ulduzun hesabında artıq 188 qol var. Bununla o, “Nyukasl”, “Mançester Yunayted” və “Blekbern”də çıxış etmiş əfsanəvi Endi Koulu geridə qoyaraq, Premyer Liqanın bütün dövrlər üzrə bombardirlər siyahısında 4-cü yerə yüksəlib.
Salahın qarşısında yalnız üç futbolçu qalır:
- Alan Şirer — 260 qol
- Harri Keyn — 213 qol
- Ueyn Runi — 208 qol
Mövsümdəki çıxışı və karyerası
Cari mövsümdə Salah bütün turnirlərdə 5 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Apreldə hücumçu “Liverpul”la 2 illik yeni müqavilə imzalayıb. Xatırladaq ki, Salah “Enfild” klubuna 2017-ci ildə transfer olunub və o vaxtdan bəri komandanın əsas liderlərindən birinə çevrilib.



