Ukraynalı məşhur boksçu, ağır çəkidə WBC, WBA və IBF kəmərlərinin sahibi Aleksandr Usik idman karyerasını başa vurduqdan sonra siyasətə qoşulmaq niyyətində olduğunu açıqlayıb. O, gələcək planları barədə danışarkən prezident postuna iddialı olduğunu bildirib.
Usik bu barədə ukraynalı aparıcı Andrey Bednyakovun təqdim etdiyi “De brexnya” proqramında çıxışı zamanı danışıb. İdmançı hələ bir neçə il rinqdə çıxış etməyi planlaşdırdığını vurğulayıb.
“Dövlət üçün çalışmaq istəyirəm”
Söhbət zamanı ona zarafatla mer postu ilə bağlı sual ünvanlanıb. Usik isə daha yüksək hədəfləri olduğunu açıq şəkildə ifadə edib:
“Bir neçə il də boksla məşğul olmağı planlaşdırıram. Ondan sonra isə dövlət üçün çalışmaq fikrim var. Prezident vəzifəsindən aşağı heç bir postu nəzərdən keçirmirəm”.
Onun sözlərinə görə, gələcəkdə ölkəsinə başqa sahədə xidmət etmək istəyir. Bu, idman karyerasından sonra atacağı əsas addımlardan biri ola bilər. Qeyd edək ki, bundan əvvəl Usikə Kiyev meri seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı sual ünvanlanmışdı. Həmin vaxt o, belə planının olmadığını bildirmişdi.
İdmandan əlavə, Usik biznes fəaliyyəti ilə də məşğuldur və müxtəlif layihələrdə iştirak edir. Hazırda isə o, diqqətini peşəkar boks karyerasına yönəldib və yaxın illərdə rinqdə çıxışlarını davam etdirmək niyyətindədir.



