Almaniya məhkəməsi keçmiş Formula 1 pilotu Mixael Şumaxerin ailəsini şantaj etməyə cəhd göstərən üç nəfəri günahkar hesab edib. Şimali Reyn-Vestfaliya federal ərazisinin Vuppertal şəhərinin dairə məhkəməsi əsas təqsirləndirilən şəxsi üç il həbs cəzasına məhkum edib. Onun oğlu şərti olaraq altı aylıq cəza alıb, ailənin keçmiş mühafizəçisi isə iki il şərti cəza ilə azadlıqdan məhrum edilib.
Daylinews-Az xəbər verir ki, 2024-cü ilin 25 sentyabrında Vuppertal prokurorluğu keçmiş mühafizəçi və onun iki ortağına qarşı ittiham irəli sürüb. İstintaqın gəldiyi nəticəyə görə, Şumaxer ailəsinin keçmiş mühafizəçisi şantaj üçün materiallar toplayıb və bunları cinayət ortağına ötürüb. Daha sonra həmin şəxs oğlu ilə birlikdə Şumaxerlərdən 15 milyon avro tələb edib, əks halda ailə ilə bağlı məlumatları darknetdə paylaşacaqlarını bildiriblər.
Bild qəzetinin məlumatına görə, mühafizəçi beş il ərzində Şumaxer ailəsi üçün işləyib və bu müddətdə 1 500-dən çox şəxsi foto, video, həmçinin tibbi qeydlər və reseptlər toplayıb. Bildirilir ki, o, borcları səbəbindən bu cinayətə əl atıb. Həbs zamanı mühafizəçinin evindən çox sayda sübut – sərt disklər, USB yaddaş qurğuları və mobil telefonlar götürülüb.
Bu, Şumaxer ailəsinə qarşı ilk şantaj hadisəsi deyil. 2017-ci ildə Baden-Vürttemberq ərazisinin Rötlingen şəhərinin məhkəməsi 25 yaşlı bir şəxsi Şumaxerin həyat yoldaşından 900 000 avro tələb etdiyinə görə günahkar bilmişdi.
Mixael Şumaxer 2013-cü ildə Fransız Alplarında xizək sürərkən ağır kəllə-beyin travması alıb. Uzun müddət süni tənəffüs aparatına qoşulu qalan pilotun hazırkı vəziyyəti ilə bağlı ailəsi heç bir açıqlama vermir.
Mixael Şumaxer Formula 1-in yeddiqat dünya çempionu və tarixdəki ən uğurlu pilotlardan biri hesab olunur. O, Formula 1 tarixində 77 dəfə ən sürətli dövrə vurub, beş mövsüm ardıcıl çempion olub. 91 qələbə və 155 podium nəticəsi ilə bu göstəricilərdə yalnız Lyuis Hamiltondan geri qalır.