Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və “Gilavar Foto Klubu”nun birgə təşkilatçılığı ilə “Olimpiya ruhu: Qələbə və məğlubiyyətdən kənar” adlı beynəlxalq foto müsabiqəsinə start verilib.
Sport-az.com xəbər verir ki, bu müsabiqə, 2024-cü ilin Olimpiya və Paralimpiya ili olaraq, təmiz və ədalətli idman dəyərlərini fotoqrafiya vasitəsilə geniş ictimaiyyətə çatdırmağı hədəfləyir.
Müsabiqənin əsas mövzuları:
- Qələbənin sevinc anları,
- Məğlubiyyətin doğurduğu məyusluq,
- Oyunların yaddaqalan məqamları,
- Təmiz və ədalətli idman ruhunun təbliği.
Xüsusilə, Azərbaycan idmançılarının əcnəbi fotoqraflar tərəfindən çəkilən fotolarına seçim zamanı xüsusi önəm veriləcək.
Müsabiqə üçün təqdim ediləcək fotoların orijinal olması və 2024-cü ildəki Yay Olimpiya və Paralimpiya oyunları zamanı çəkilməsi tələb olunur. Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyası (IAAP) və “Gilavar Foto Klubu” tərəfindən təqdim ediləcək mükafatlar isə İtaliya, Bolqarıstan və Azərbaycandan olan münsiflər heyətinin səsverməsi ilə müəyyənləşəcək.
Müsabiqə idmanın gözəlliyini və ədalətli mübarizəni təşviq etmək, həmçinin Olimpiya ruhunu ifadə edən dəyərləri qlobal miqyasda fotolar vasitəsilə müzakirəyə açmaq məqsədi daşıyır.
Fotoların təqdim edilmə müddəti: 30 noyabr 2024-cü il.
Dekabr ayında müsabiqə iştirakçılarının işlərindən ibarət sərgi də təşkil olunacaq.



