Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) həyata keçirdiyi təşəbbüslər gənc nəslin böyüməsində mühüm yer tutacaq.
Bu fikri Ukrayna Futbol Assosiasiyasının (UFA) prezidenti, dünya şöhrətli keçmiş futbolçu Andrey Şevçenko Bakıda 247 nömrəli məktəbin futbol meydançasının təntənəli açılış mərasimində səsləndirib. Şevçenko Azərbaycan-Ukrayna arasındakı idman əlaqələrinin möhkəmlənməsi çərçivəsində Bakıya səfər edib və bu tədbir onun ziyarət proqramının bir hissəsi olub. AFFA-nın gənc futbolun inkişafı üçün başlatdığı layihələr çərçivəsində reallaşan bu açılış, ölkədə minifutbol meydançalarının sayını artırmağa yönəlib və indiyədək oxşar 50-dən çox obyekt istifadəyə verilib.
O, bu təşəbbüsün gələcək nəsillərin formalaşmasında əhəmiyyətli təsir göstərəcəyini vurğulayıb:
“AFFA rəhbərliyinə, həmçinin bütün Azərbaycan xalqına ölkəmə verdikləri dəstək üçün təşəkkür edirəm. Bizim üçün çox vacib gündür. Futbol stadionunun açılışıdır. Bu gələcək nəsillər üçün vacibdir. Bakı kimi gözəl şəhərdə də uşaqların inkişafına dəstək olacağım üçün çox şadam. Bu addımlar gələcəkdə uşaqların inkişafı üçün çox vacibdir”.