“Araz-Naxçıvan” futzal klubunda baş məşqçi dəyişdirilib.
Sport-az.com-ın Azərbaycan Futzal Federasiyasının saytına istinadən verdiyi məlumata görə, klubun UEFA Çempionlar Liqasındakı çıxışları müzakirə olunub və nəticələr qeyri-qənaətbəxş hesab edilib. Bu səbəbdən, baş məşqçi Vitali Borisovla qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib. Klubun verdiyi açıqlamada bildirilib ki, müvəqqəti olaraq baş məşqçi vəzifəsini Predraq Rayiç icra edəcək. Vitali Borisov isə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində işini davam etdirəcək.
Xatırladaq ki, həm Vitali Borisov, həm də Predraq Rayiç 2023-cü ilin iyul ayından Azərbaycan milli futzal komandasında və “Araz-Naxçıvan” klubunda çalışıblar. Borisov baş məşqçi təyin edildikdən sonra serb mütəxəssisi Predraq Rayiçi məşqçilər heyətinə dəvət edib.