2026-cı ildə Azərbaycan qış idmanı tarixində mühüm hadisəyə ev sahibliyi edəcək. Ölkəmizdə ski-alpinizm üzrə Avropa çempionatı və Dünya Kuboku keçiriləcək.
Şahdağa beynəlxalq yarışlar gəlir
Sport-az.com-un məlumatına görə, bu barədə Azərbaycan Qış İdman Növləri Federasiyası məlumat yayıb. Federasiya yarışların keçirilməsi ilə bağlı Beynəlxalq Ski-Alpinizm Federasiyasına (ISMF) rəsmi müraciət etmiş və bu təklif müsbət qarşılanıb.
Yarışlar ölkəmizin aparıcı qış turizm mərkəzlərindən biri olan “Şahdağ”da təşkil olunacaq. ISMF artıq bu tədbirləri 2026-cı il üçün rəsmi beynəlxalq yarış təqviminə daxil edib.
Yarış tarixləri
- Avropa çempionatı – 4–8 mart 2026
- Dünya Kuboku – 6–8 mart 2026
Qeyd edək ki, bu yarışlar Azərbaycanın qış idman növlərinin inkişafı və beynəlxalq idman arenalarında mövqeyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.



