Xorvatiyanın Osiyek şəhərində 10 metr məsafədən tapançadan atəş üzrə Avropa çempionatı başa çatıb. Sport-Az-ın məlumatına görə, yarışın son günündə qarışıq cütlüklər arasında medallar uğrunda mübarizə aparılıb. Azərbaycan bu kateqoriyada iki duetlə təmsil olunub.
Xanna Əliyeva və Ruslan Lunev cütlüyü 572 xal toplayaraq beşinci yeri tutub. Onlar cəmi bir xal fərqlə bürünc medal uğrunda final mərhələsinə vəsiqə qazana bilməyib.
Digər təmsilçilərimiz – Zeynəb Sultanova və Elvin Astanov isə 566 xal toplayaraq yarışın 18-ci pilləsində qərarlaşıb. Qeyd edək ki, çempionatda ümumilikdə 31 duet mübarizə aparıb.