İyulun 3-dən 6-dək Rumıniyanın Piteşti şəhərində keçirilmiş gənclər və 23 yaşadək avarçəkənlər arasında kayak və kanoe üzrə Avropa çempionatında Azərbaycan təmsilçisi Tatyana Smilovenko uğurla çıxış edib.
Sport-az.com xəbər verir ki, Smilovenko kanoe növü üzrə 500 metr məsafədə birnəfərlik qayıqla yarışaraq təsnifat və yarımfinal mərhələlərini uğurla keçib və A finalına vəsiqə qazanıb.
Final mərhələsində yüksək temp nümayiş etdirən idmançımız finiş xəttini üçüncü keçərək Avropa çempionatının bürünc medalına sahib olub.
Bu uğur Azərbaycan avarçəkməsinin inkişafında növbəti əhəmiyyətli nailiyyət kimi qiymətləndirilir.



