Azərbaycanın bədii gimnastika yığması III MDB Oyunlarında yüksək səviyyəli çıxış nümayiş etdirərək ölkəni layiqli şəkildə təmsil etməyə hazırlaşır.
Bədii gimnastika üzrə milli komandanın məşqçisi Nəzrin Cəfərzadə yarışın rəsmi saytına verdiyi açıqlamada bildirib ki, idmançılar turnirə ciddi hazırlıq keçirlər: “Qızlarımız hər gün intensiv məşqlər edirlər. Hazırda komanda həm fiziki, həm də psixoloji baxımdan yaxşı formadadır. Heyət ilin əvvəlindən bu günə qədər həm ölkədaxili, həm də beynəlxalq turnirlərdə idmançıların göstərdiyi nəticələr əsasında formalaşdırılıb”.
Mütəxəssis komandanın prioritetinin xalçada parlaq çıxışlar olduğunu vurğulayıb: “Bizim üçün ən vacib məsələ qızlarımızın məşqlərdə qazandıqları bacarıqları yarışda da uğurla göstərmələridir. Təbii ki, hər bir idmançı nəticə üçün mübarizə aparır və biz də medal qazanmaq istəyirik. Amma əsas məqsəd gözəl çıxışlardır, nəticələr isə bunun ardınca gələcək”.
N.Cəfərzadə Oyunlarda rəqabətin yüksək səviyyədə olacağını qeyd edib: “Komandalar ciddi hazırlıqla gəlirlər və hər biri medal uğrunda mübarizə aparacaq. Bu, bizim üçün həm çətinlik, həm də böyük stimuldur. Komandamız yüksək motivasiya ilə yarışa hazırlaşır. Ümid edirik ki, ölkəmizi layiqincə təmsil edəcəyik”.
Qeyd edək ki, Azərbaycan 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində III MDB Oyunlarına ev sahibliyi edəcək. Tədbir 7 şəhəri (Gəncə, Mingəçevir, Qəbələ, Şəki, Göygöl, Yevlax, Xankəndi) əhatə edəcək və 23 idman növü üzrə yarışlar keçiriləcək. MDB ölkələrinin güclü gənc gimnastları Şəki Olimpiya İdman Kompleksində bir araya gələcək, bədii gimnastika yarışları 5-8 oktyabrda baş tutacaq.