Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın yunan-Roma güləşi üzrə komandası mübarizəyə qoşulacaq. İlk olaraq, Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (77 kq) və İslam Abbasov (87 kq) xalça üzərinə çıxaraq ölkəmizi təmsil edəcəklər.
3×3 basketbol üzrə qadınlardan ibarət milli komandamız qrup mərhələsində üçüncü oyununa çıxaraq Fildişi Sahili seçməsi ilə qarşılaşacaq.
Paraatletika növündə Samir Nəbiyev (F57) disk atmada, atletika sahəsində isə Nazim Babayev və Rüstəm Məmmədov üçtəkanla tullanma, Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış, Əlhəm Nağıyev 200 metr məsafəyə qaçış və İsmayıl Əliyev nüvə atmada gücünü sınayacaqlar.
Qılıncoynatmanın şpaqa növündə isə Aynur Quliyeva və Nəzrin Mehdiyeva Azərbaycanı təmsil edəcək.
Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunları noyabrın 21-də sona çatacaq və bu yarışlarda Azərbaycan idmançıları indiyədək 45 medal (5 qızıl, 14 gümüş, 26 bürünc) qazanaraq ümumi medal sıralamasında 9-cu yerdə qərarlaşıblar.



