FIDE-nin Etika və İntizam Komissiyası rumıniyalı qrossmeyster Kiril Şevçenkonu 2 il müddətinə yarışlardan kənarlaşdırıb. Üstəlik, əlavə olaraq 1 illik şərti cəza da tətbiq olunub. O, son illərdə Ukraynanı və Azərbaycan təmsilçisi “Vüqar Həşimov” klubunu təmsil edirdi.
Sport-az xəbər verir ki, cəzanın əsas səbəbi İspaniyada keçirilən komanda çempionatı zamanı oyunlar ərzində qeyri-qanuni kömək – yəni texniki vasitələrlə ipuclarından istifadədir.
FIDE əvvəlcə şahmatçının 3 illik diskvalifikasiyasını və qrossmeyster adının ləğvini təklif etsə də, Şevçenkonun qayda pozuntusunu etiraf etməsi və istintaqla əməkdaşlıq etməsi cəzanın yüngülləşməsinə səbəb olub. Təşkilat, eyni zamanda, şahmatçının yaşı, psixoloji durumu və pozuntunun “tam başa çatmamış cəhd” olmasını da yüngülləşdirici hal kimi nəzərə alıb.
FIDE-nin hesabatında bildirilir ki, Şevçenkonun oyunlarında statistik olaraq ciddi fərqlər və süni göstəricilər qeydə alınmayıb.
Diskvalifikasiya 19 oktyabr 2024-cü ildən qüvvəyə minib və 18 oktyabr 2026-cı ildə başa çatacaq. Şərti cəza müddəti isə 2027-ci ilin 18 oktyabrında bitəcək.
Xatırladaq ki, Kiril Şevçenko son illərdə Azərbaycanın “Vüqar Həşimov” klubunun heyətində Avropa Klub Kubokunda çıxış edirdi.