Azərbaycan milli komandası 3–7 iyun tarixlərində Polşanın Şonovitse şəhərində keçiriləcək Avropanın ilk rəsmi çövkən çempionatında iştirak edəcək.
Sport-az.com xəbər verir ki, yarışlar Beynəlxalq Çövkən Federasiyasının (ICF) təşəbbüsü ilə təşkil olunur. Turnirdə Avropa qitəsini təmsil edən altı ölkə — Azərbaycan, Böyük Britaniya, Macarıstan, Malta, Polşa və Türkiyə iştirak edəcək.
Yarışdan əlavə assambleya da keçiriləcək
Çempionat çərçivəsində, iyunun 4-də ICF-nin III Baş Assambleyası da baş tutacaq. Toplantıda federasiyaya yeni üzvlərin qəbul edilməsi, növbəti qitə çempionatlarının tarixi və keçirilmə yerləri, eləcə də federasiyanın gələcək inkişaf istiqamətləri müzakirə olunacaq.
Qlobal çövkən gündəliyi formalaşıb
Beynəlxalq federasiya yarış təqviminə əsasən, tək illərdə (2025, 2027 və s.) qitə çempionatları, cüt illərdə isə dünya çempionatları keçirəcək. Bu il Asiya, Cənubi Amerika, Afrika və Avropa üzrə qitə çempionatlarının təşkili nəzərdə tutulur.