Azərbaycan şahmat çempionatının 1/8 final mərhələsinin ilk qarşılaşmaları baş tutub. Yarış gününün nəticələri Azərbaycan Şahmat Federasiyası tərəfindən açıqlanıb və həm kişilər, həm də qadınlar arasında gərgin və maraqlı duelər qeydə alınıb.
Reytinq favoritlərindən Şəhriyar Məmmədyarov ilk oyunda Murad İbrahimli ilə sülhə razılaşıb. Ötən ilin çempionu Rauf Məmmədov isə Şiroğlan Talıbovla heç-heçə edib.
Digər görüşlərdə qaliblər müəyyənləşib:
- Eltac Səfərli – Kamal Ağasıyev üzərində qələbə,
- Aydın Süleymanlı – Rahim Qasımov üzərində qələbə,
- Məhəmməd Muradlı – Rəvan Əliyev üzərində qələbə,
- Rəad Səmədov – Paşam Əlizadə üzərində qələbə,
- Əhməd Əhmədzadə – Vuqar Rəsulov üzərində qələbə.
Nicat Abbasov isə ilk oyunda Haqan Ahmada məğlub olub və cavab görüşünə itki ilə başlayacaq.
Qadın şahmatçıların qarşılaşmaları
Qadınlar arasında bütün oyunlar nəticəli olub. Ötən ilin qalibi Gülnar Məmmədzadə Nərmin Kazımovanı məğlub edib. Avropa çempionu Ülviyyə Fətəliyeva isə Zəhra Allahverdi üzərində inamlı qələbə qazanıb.
Digər görüşlərin qalibləri:
Gövhar Beydullayeva, Xanım Balacayeva, Gülənar Məmmədova, Türkan Məmmədyarova, Ayan Allahverdiyeva və Sabina İbrahimova.
Qeyd edilib ki, 1/8 final mərhələsinin cavab qarşılaşmaları bu gün keçiriləcək. Çempionat oyunları hər gün saat 15:00-da start götürür.



