Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında kişi şahmatçılardan ibarət Azərbaycan komandası möhtəşəm çıxışla ikinci pilləyə yüksəlib. Bu uğurun əsas səbəbi yığmanın VII turda Macarıstan üzərində qazandığı 3:1 hesablı qələbədir.
Milli komandamız hazırda 11 xalla yarışda ikinci yerdə qərarlaşıb. Heyətdə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərli yer alır. Komanda daha əvvəl Slovakiya (3:1), Polşa (2.5:1.5) və Ermənistanı (2.5:1.5) məğlub etmiş, Çexiya (2:2), Niderland (2:2) və Yunanıstanla (2:2) heç-heçə edib.
Qadınlardan ibarət Azərbaycan millisi isə İsveçrə sistemi üzrə keçirilən açıq meydan oyunlarında daha az uğurlu çıxış edib. Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyevanın yer aldığı kollektiv ev sahibləri ilə qarşılaşmada 1,5:2,5 hesabı ilə uduzub. Komandamız buna qədər Sloveniya (4:0), Macarıstan (2.5:1.5) və Ermənistana (3:1) qalib gəlmiş, Fransa və Yunanıstanla (hər ikisi 2:2) heç-heçə etmiş, Almaniyadan (1.5:2.5) isə məğlub olmuşdur. Qadın millimiz hazırda 8 xalla 10-cu mövqedədir.
Qeyd edək ki, Avropa çempionatı oktyabrın 14-də sona çatacaq.



