Azərbaycanın sərbəst güləş üzrə millisi hazırda Belarusun Minsk şəhərində təlim-məşq toplanışındadır. Bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Toplanış məşhur “Stayki” İdman Mərkəzində təşkil olunub və Azərbaycan millisi yerli güləşçilərlə birgə hazırlıq keçirir. Yığma komanda bu təlim-məşq prosesinə Belarusun paytaxtında keçirilən Aleksandr Medvedin xatirə turnirindən sonra başlayıb. Hazırlıq prosesi sentyabrın 23-də start götürüb və oktyabrın 5-dək davam edəcək.
Bu toplanışın məqsədi, Azərbaycan komandasının oktyabr ayında Albaniyada keçiriləcək U-23 və böyüklər arasında dünya çempionatına hazırlaşmasıdır. Təlim-məşq prosesi baş məşqçi Xetaq Qazyumov və böyük məşqçi Cəbrayıl Həsənovun, eləcə də məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında keçirilir.