Azərbaycan Üzgüçülük Federasiyası (AÜF) yeni loqo, vebsayt, sosial şəbəkə səhifələri və idmançı formaları ilə bağlı təqdimatını həyata keçirib. Sport-az.com xəbər verir ki, bu barədə AÜF-in mətbuat xidməti məlumat yayıb.
Yeni loqo və brend imici:
AÜF-in yeni loqosu, brendbuk və rəqəmsal platformalar ilə Federasiyanın imici müasir beynəlxalq standartlara uyğunlaşdırılıb. Loqotip irəliləyişi, çevikliyi və dözümlüyü simvolizə edərək minimalistik və dinamik dizayn tərzində hazırlanıb. Bu, AÜF-in yanaşmasını əks etdirir və beynəlxalq səviyyədə tanınmasını artırmağa yönəlib.
Yeni idman formaları:
AÜF-in milli komandaları üçün hazırlanmış yeni formalar, funksionallıq və komfort xüsusiyyətlərini ön planda tutaraq hazırlanıb. Bu formalar İtaliyanın məşhur “Macron” şirkəti ilə tərəfdaşlıq çərçivəsində təqdim edilib və AÜF-nin yeni imicinin vacib hissəsidir. Böyük Britaniyanın “Speedo” şirkəti tərəfindən təmin edilən idman geyimləri isə üzgüçülük üzrə milli komanda üzvlərinə təqdim olunub.
Rəqəmsal təmsilçilik:
AÜF artıq rəqəmsal aləmdə də daha geniş təmsil olunacaq. Federasiya yalnız “Facebook” və “Instagram” ilə məhdudlaşmayacaq, həmçinin “LinkedIn”, “TikTok”, “X” və “YouTube” kimi platformalarda da fəaliyyət göstərəcək. Bu addım, AÜF-nin daha böyük auditoriyaya əlçatanlığını və ölkədəki idman növlərinin populyarlaşmasını hədəfləyir.
Yeni vebsayt:
AÜF-in rəsmi vebsaytı – www.asf.az – tamamilə yenilənib. Sayt, istifadəçilər üçün rahat interfeys və mobil cihazlarla uyğun olma xüsusiyyətlərinə malikdir. Burada AÜF-ə aid rəsmi xəbərlər, multimedia materialları, yerli və beynəlxalq yarışlar haqqında məlumatlar və ölkə üzrə hovuzların xəritəsi təqdim ediləcək.
AÜF-in gələcək planları:
Cari ilin yanvar ayında Zaur Əliyev AÜF-nin prezidenti seçilib və o zamandan bəri Federasiya strategiya və struktur baxımından yenilənməyə başlayıb. Həmçinin, beynəlxalq əlaqələr genişləndirilmiş və ilin sonuna qədər yeni yeniliklər və layihələr həyata keçiriləcək. Məqsəd, su idman növlərinin Azərbaycanda kütləviləşdirilməsi və peşəkar idmançıların hazırlıq səviyyəsinin artırılmasıdır.



