Azərbaycan yaxın vaxtlarda daha bir nüfuzlu beynəlxalq idman tədbirinə ev sahibliyi edəcək. Ölkəmiz cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirini artıq dördüncü dəfə qəbul etməyə hazırlaşır.
Avropa Cüdo Birliyinin rəsmi yarış təqviminə daxil edilən turnir 4–5 aprel tarixlərində Gəncə İdman Sarayında keçiriləcək. Yarışda Avropanın müxtəlif ölkələrindən gələn gənc idmançıların mübarizə aparacağı gözlənilir.
13 ölkədən 200-dən çox idmançı iştirak edəcək
Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu bildirib ki, ölkə artıq uzun illərdir beynəlxalq cüdo turnirlərinin təşkili sahəsində ciddi təcrübə qazanıb və bu yarışlar Azərbaycanda uğurla keçirilir.
“Azərbaycan uzun illərdir nüfuzlu beynəlxalq cüdo turnirlərinə uğurla ev sahibliyi edir. Bu baxımdan ölkəmiz artıq etibarlı və peşəkar təşkilatçı kimi tanınır.
Cari ilin oktyabrında keçiriləcək böyüklər arasında dünya çempionatı ilə əlaqədar beynəlxalq cüdo ictimaiyyətinin diqqəti yenidən Azərbaycana yönələcək. Həmin mötəbər yarışdan əvvəl yeniyetmələr arasında Avropa Kubokunun Gəncədə təşkili xüsusi əhəmiyyət daşıyır.
Artıq bu yarış üçün 13 ölkədən 210 idmançı qeydiyyatdan keçib. Göygöl və Qubadan sonra turnirin Gəncədə keçirilməsi həm regionlarda cüdonun inkişafına əlavə təkan verir, həm də yeniyetmə idmançılarımızın yüksək səviyyəli beynəlxalq rəqabət mühitində mühüm təcrübə qazanmasına şərait yaradır.
Bu cür yarışların bölgələrdə təşkili cüdonun ölkə üzrə daha da kütləviləşməsinə və gələcək uğurlar üçün sağlam idman bazasının formalaşmasına xidmət edir”.
Federasiya nümayəndəsi qeyd edib ki, turnirin regionlarda keçirilməsi yalnız idman nəticələrinə deyil, həm də gənclərin cüdoya marağının artmasına və idman infrastrukturunun inkişafına müsbət təsir göstərir.
Yarış başa çatdıqdan sonra isə 6–8 aprel tarixlərində Gəncədə yeniyetmə cüdoçular üçün beynəlxalq təlim-məşq toplanışı təşkil olunacaq. Bu toplanış müxtəlif ölkələrdən gələn idmançılar üçün əlavə təcrübə mübadiləsi imkanı yaradacaq.



