Albaniyanın paytaxtı Tiranada keçirilən yunan-Roma güləşi üzrə reytinq xarakterli “Muhamet Malo” beynəlxalq turniri başa çatıb.
Mövsümün ilk böyük sınağında iştirak edən Azərbaycan millisi uğurlu çıxış edərək ümumilikdə 2 qızıl və 3 gümüş medal qazanıb və komanda hesabında birinci yeri tutub.
Turnirin son günündə 55, 60, 72, 82, 97 və 130 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. Yığmamız günü 1 qızıl və 2 gümüş medalla tamamlayıb.
Qızıl və gümüş uğurları
55 kq-da Rəşad Məmmədov finala qədər inamlı mübarizə apararaq Qırğızıstan, Qazaxıstan və Hindistan təmsilçilərini məğlub edib. Lakin həlledici qarşılaşmada rusiyalı dünya mükafatçısı Emin Seferşayevə 1:3 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib.
60 kq çəki dərəcəsində isə finalda iki azərbaycanlı güləşçi üz-üzə gəlib. Nihat Məmmədli və Nihad Quluzadə həlledici mərhələyə qədər bütün rəqiblərini üstələyiblər. Final görüşündə ilk xal prinsipinə əsasən üstün olan Nihat Məmmədli qızıl medal qazanıb, Nihad Quluzadə isə gümüşlə kifayətlənib.
72 kq-da Ruslan Nurullayev yarımfinala qədər irəliləsə də, medal görüşündə uduzub. 82 kq-da Tuncay Vəzirzadə də bürünc uğrunda qarşılaşmada məğlub olub.
97 kq çəki dərəcəsində Murad Əhmədiyev və Məhəmməd Əhmədiyev mübarizəni erkən mərhələlərdə dayandırıblar. 130 kq-da Beka Kandelaki yarımfinala yüksəlsə də, üçüncülük uğrunda görüşdə məğlub olub.
Komanda hesabında liderlik
Turnirin yekun nəticələrinə əsasən Azərbaycan millisi 128 xal toplayaraq komanda hesabında birinci olub. Qazaxıstan 95 xalla ikinci, İran isə 89 xalla üçüncü pillədə qərarlaşıb.
Cari ildə ilk beynəlxalq yarışına qatılan yığmamızın bu nəticəsi mövsümə uğurlu start kimi qiymətləndirilir. Reytinq turniri olması baxımından yarışın əhəmiyyəti daha böyükdür və əldə olunan xallar qarşıdakı böyük turnirlər üçün vacib rol oynayacaq.



