Azərbaycan qadın voleybol yığmasının üzvü Marqarita Stepanenko Qızıl Avropa Liqası ilə bağlı fikirlərini bölüşüb. Sport-az.com xəbər verir ki, təcrübəli idmançı, AZƏRTAC-a açıqlamasında komandanın qarşıdan gələn turnirdə uğurlu çıxış edəcəyinə ümid etdiyini bildirib.
Stepanenko komandanın gücünə inandığını vurğulayıb:
“Bu dəfə azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik. Baş məşqçimiz Faiq Qarayevin rəhbərliyi ilə bütün oyunlardan üzüağ çıxacağımıza inanıram. Ümid edirəm ki, əvvəlki turnirdə iştirak edə bilməyən oyunçular bu dəfə heyətə qoşulacaq. Bu, işimizi asanlaşdıracaq və komanda şəklində daha yaxşı çıxış edəcəyik”.
Rəqiblər haqqında düşüncələr
32 yaşlı idmançı turnirin rəqibləri barədə də fikirlərini bildirib:
“Rumıniya komandası çox keyfiyyətli oyunçulardan ibarətdir, Sloveniya isə güclü məşqçi heyətinə malikdir. Digər rəqiblər arasında bizimlə başabaş mübarizə apara biləcək komandalar olsa da, heç kimdən çəkinmirik. Məqsədimiz azarkeşlərə gözəl oyun təqdim etməkdir. Komandamızın hər bir üzvünün bu məqsədə çatmaq üçün əzmkarlıq göstərəcəyinə inanıram”.
Turnirin formatı
Azərbaycan millisinin Qızıl Avropa Liqasındakı rəqibləri arasında Macarıstan, Sloveniya, Slovakiya, Monteneqro, Rumıniya və Xorvatiya yer alıb. Turnir 2024-cü il mayın 30-dan iyulun 6-dək davam edəcək. İlk dörd yerin sahibləri “dördlər finalı”na yüksələcək.