Misli Premyer Liqasının 12-ci turu aşağı məhsuldarlıqla diqqət çəkib. Bu tur çərçivəsində keçirilən 5 qarşılaşmada cəmi 5 qol vurulub.
Sport-az.com PFL-in saytına istinadən bildirir ki, yalnız “Şamaxı” və “Zirə” komandaları arasındakı oyunda (0:2) iki qol qeydə alınıb. Digər görüşlərdə isə qolların sayı minimal olub: “Neftçi” – “Araz-Naxçıvan” (0:1), “Kəpəz” – “Səbail” və “Sumqayıt” – “Sabah” (hər ikisi 1:0) matçlarında yalnız bir qol vurulub. “Turan Tovuz” və “Qarabağ” komandalarının qarşılaşması isə qolsuz başa çatıb. Nəticədə turun orta məhsuldarlığı 1,00 olub.
Bu göstərici son 8 mövsümün ən aşağı nəticəsi kimi yadda qalıb. Həm eyni, həm də daha aşağı məhsuldarlıq sonuncu dəfə 2016/17 mövsümündə qeydə alınıb. Həmin vaxt XXII tur çərçivəsində keçirilən 4 oyunda cəmi 4 qol (orta məhsuldarlıq 1,00) vurulmuşdu. II turda isə daha aşağı məhsuldarlıq müşahidə olunaraq, ümumi 3 qol (orta məhsuldarlıq 0,75) qeydə alınmışdı.