Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi ilk dəfə FIBA 3×3 Çempionlar Kubokunda iştirak edəcək. Yığma bu nüfuzlu turnirə Avropa Kuboku 2025-in finalçısı kimi vəsiqə qazanıb və ölkə basketbolu üçün yeni səhifə açıb.
İkinci dəfə təşkil olunan yarış martın 13-dən 15-dək keçiriləcək. Azərbaycan millisi B qrupunda mübarizə aparacaq və burada İspaniya, Kanada və Tayland komandaları ilə qarşılaşacaq. Qrup mərhələsinin nəticələri növbəti mərhələyə yüksələcək komandaları müəyyənləşdirəcək.
Böyük hədəflər və Olimpiya yolu
FIBA Çempionlar Kuboku yalnız nüfuzlu titul uğrunda mübarizə deyil, həm də gələcək iri yarışlara aparan yol deməkdir. Turnirin qalibi:
- FIBA 3×3 Çempionlar Kuboku 2027
- FIBA 3×3 Dünya Kuboku 2027
- 2028-ci il Olimpiya Oyunlarına vəsiqə verən Olimpiya Təsnifat turnirində iştirak hüququ qazanacaq.
Azərbaycanın 3×3 basketbolu son illərdə sürətli inkişaf mərhələsinə qədəm qoyub. Qadın millimizin Avropa Kubokunda uğurlu çıxışı və finala yüksəlməsi komandanın beynəlxalq arenada rəqabətədavamlı olduğunu göstərib. İndi isə yığma daha yüksək səviyyədə öz gücünü sınayacaq.
Tarixi debüt ərəfəsində əsas diqqət komandanın qrup mərhələsində göstərəcəyi nəticələrə yönəlib. Azərbaycan basketbol ictimaiyyəti isə millidən uğurlu çıxış gözləyir.



