İtaliyanın Lonato şəhərində, “International South Garda” trasında təşkil olunan 24-cü dünya kartinq çempionatında (“World Grand Final”) Azərbaycanı Davin Cəfərov təmsil edib və 8-ci sırada finişə çatıb. “Birel Art” (Portuqaliya) komandasının heyətində debüt edən Davin, BMB kateqoriyasında həm ilk dəfə dünya səviyyəsində çıxış edib, həm də əhəmiyyətli nəticələr əldə edib.
Təsnifat mərhələsində yüngül qəza səbəbindən 32-ci yerdən start götürən Cəfərov güclü yarımfinal və final mübarizəsi aparıb. Finalda 24 ötmə həyata keçirərək əvvəlki rekord sahibi Lorentso Pinanellinin 14 ötməlik göstəricisini yeniləyib və eyni zamanda yarışın ən sürətli dövrəsini vurub.
Yarış 1200 metr uzunluğunda beş kateqoriyada keçirilib və 2001-ci ildən bəri kartinq dünyasının ən prestijli turnirlərindən sayılır. Tədbirdə Avropa və dünya çempionlarının da daxil olduğu 607 pilot mübarizə aparıb.
Turnirdən sonra bir neçə beynəlxalq komandanın pilotları və rəhbərləri Davin Cəfərovla tanış olub, ona karyerasında gələcək uğurlar arzulayıblar. Onların arasında İtaliyanın Milan şəhərində fəaliyyət göstərən “AW Racing” komandası da var və komandaya qoşulmaq təklifini irəli sürüb. Lakin gənc pilot hazırda “Birel Art” komandasında yarışını davam etdirməyi üstün tutur.
Davin Cəfərov 2025-ci ilin sonuna qədər daha iki beynəlxalq yarışda iştirak edəcək.