2025-ci ildə Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-prisinə hazırlıqlar sürətlə davam edir. Builki yarışda yerli və xarici azarkeş marağının artması nəzərə alınaraq Bakı şəhər halqası ətrafında iki yeni tribuna qurulacaq.
Sport-az.com xəbər verir ki, tribunalardan ikisinin əlavə olunması ilə ümumi tutum 1500 yer artaraq 20 000-i keçəcək. Artıq tikinti işlərinə başlanılıb və yarış günlərinə qədər infrastruktur tam hazır olacaq.
Marağın artması gözlənilir
2024-cü ildə dörd gün ərzində 76 min nəfər yarışları tribunadan canlı izləyib. Bu rəqəmin builki yarışda daha da artacağı gözlənilir. Yeni tribunalar azarkeşlər üçün rahat və geniş müşahidə imkanları yaradacaq.
Yol məhdudiyyətləri olacaq
Qeyd olunur ki, hazırlıq işləri çərçivəsində Dənizkənarı bulvarın bəzi hissələrində müvəqqəti keçid məhdudiyyətləri tətbiq olunacaq. Şəhər sakinləri və turistlərdən bu məhdudiyyətlərə anlayışla yanaşmaları xahiş olunur.
2025-ci il Azərbaycan Qran-prisi 19-21 sentyabr tarixlərində keçiriləcək və bu tədbir yenidən Bakını beynəlxalq motorsport xəritəsində önə çıxaracaq.