İspaniya Superkuboku turnirinin qalibi müəyyənləşdi.
Sport-Az xəbər verir ki, final matçında Madriddən olan “Real” və Kataloniyanın “Barselona” komandaları üz-üzə gəldi. Görüş Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirildi və “Barselona”nın 5:2 hesablı qələbəsi ilə başa çatdı.
Kataloniya klubunun heyətində Lammin Yamal (22-ci dəqiqə), Robert Levandovski (36, penalti), Rafinya (39, 48) və Alejandro Balde (45+10) fərqləndi. “Real”ın qollarını Kilian Mbappe (5) və Rodriqo (60) vurdu. Oyunun 57-ci dəqiqəsində “Barselona”nın qapıçısı Voytsex Şesnı qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldı.
“Barselona” bu qələbə ilə İspaniya Superkubokunu 15-ci dəfə qazandı və bu göstərici üzrə rekordçu oldu. “Real” isə turnirdə 13 dəfə qalib olub. Keçən il “Real” finalda “Barselona”ya 4:1 hesabı ilə qalib gələrək kuboku qazanmışdı.