Formula 1 komandaları Bəhreyn Beynəlxalq Avtodromunda mövsümöncəsi testlərin növbəti sessiyasını davam etdiriblər. Səhər yürüşlərində ən sürətli nəticəni “McLaren” pilotu Lando Norris göstərsə də, əsas müzakirə mövzusu “Ferrari”nin təqdim etdiyi radikal arxa qanad dizaynı olub.
Norris 1:33.453 nəticə ilə protokola başçılıq edib və bu göstərici indiyədək Bəhreyn testlərinin ən yaxşı vaxtı kimi qeydə alınıb. O, 72 dövrə vuraraq həm sürət, həm də stabillik baxımından diqqət çəkib.
Hamilton cəmi 5 dövrə vurdu, Ferrari yenilik təqdim etdi
Sessiya “Ferrari” üçün o qədər də uğurlu keçməyib. Lyuis Hamilton ilk saat ərzində cəmi beş dövrə vurduqdan sonra SF-26 bolidi ilə boksa qayıdıb. Komandanın mexanikləri yan podları sökərək avtomobil üzərində iş aparıblar və ekranlar qaldırılıb. Britaniyalı sürücü yalnız sessiyanın sonunda start məşqləri üçün trasa qayıdıb.
Bununla belə, Hamiltonun qısa çıxışı günün əsas hadisələrindən biri sayılıb. “Ferrari” yeni aktiv aerodinamik həllə malik arxa qanadını məhz bu testdə nümayiş etdirib. Maraqlıdır ki, sistem rəqiblərdən fərqli prinsip əsasında işləyir: düzlüklərdə qanad tam şəkildə əks istiqamətə – demək olar ki, tərsinə fırlanır və üst flap tam rotasiya edir. Bu isə hava müqavimətini azaltmaq məqsədi daşıyır.
Digər tərəfdən, “Cadillac” komandasında da problemlər yaşanıb. Valtteri Bottas naməlum səbəbdən uzun müddət boksta qalıb. O, ikinci saatda qısa müddət trasa çıxsa da, yenidən geri dönüb və sonradan dövrə sayını artıraraq ümumilikdə 58 dövrəyə çatdırıb.
Sessiyanın əvvəlində Maks Ferstappen 1:38.955 nəticə ilə liderliyə yüksəlsə də, daha sonra Corc Rassel və Qabriel Bortoleto müvəqqəti olaraq önə keçiblər. Sonda isə Norris tempi artıraraq 1:33.453 nəticə ilə ilk pilləni təmin edib. O, Ferstappeni 0.131 saniyə qabaqlayıb. Rassel isə 77 dövrə ilə ən çox məsafə qət edən pilot olub və üçüncü yeri tutub.
Testlərin son dəqiqələrində FIA-nın tələbi ilə start proseduru sınağı keçirilib. Pilotlar start xəttində düzülərək məşq startları yerinə yetiriblər. Bu addım yeni bolidlərdə müşahidə olunan start problemləri ilə bağlı əlavə məlumat toplamaq məqsədi daşıyıb.
Bəhreyn – 2-ci gün, səhər sessiyasının nəticələri:
- Lando Norris (“McLaren”) – 1:33.453 (72 dövrə)
- Maks Ferstappen (“Red Bull”) – 1:33.584 (56 dövrə)
- Corc Rassel (“Mercedes”) – 1:34.111 (77 dövrə)
- Aleks Albon (“Williams”) – 1:35.130 (71 dövrə)
- Oliver Berman (“Haas”) – 1:35.279 (29 dövrə)
- Franko Kolapinto (“Alpine”) – 1:35.506 (69 dövrə)
- Qabriel Bortoleto (“Audi”) – 1:35.741 (54 dövrə)
- Liam Louson (“Racing Bulls”) – 1:36.959 (27 dövrə)
- Fernando Alonso (“Aston Martin”) – 1:37.472 (40 dövrə)
- Lyuis Hamilton (“Ferrari”) – 1:39.670 (5 dövrə)
- Valtteri Bottas (“Cadillac”) – 1:40.193 (58 dövrə)
Bəhreyn testləri komandalar üçün yeni aerodinamik həllərin və texniki yeniliklərin sınaq meydanına çevrilib. Xüsusilə “Ferrari”nin arxa qanad konsepti mövsüm ərəfəsində ciddi müzakirələr yaradıb.



