“Barselona”nın polşalı hücumçusu Robert Levandovski, İspaniya La Liqasının 18-ci turunda evdə “Atletiko Madrid”dən alınan 1:2 hesablı məğlubiyyəti dəyərləndirib.
Sport-az.com xəbər verir ki, matçın 90+6-cı dəqiqəsində buraxılan qol “blauqrana” azarkeşlərini məyus edib. Levandovskinin fikirləri isə “Barca Universal” tərəfindən belə çatdırılıb:
“Komanda olduqca məyusdur, çünki “Atletiko”ya qarşı matçın ilk yarısını çox yaxşı keçirdik. Hətta ikinci hissədə də biz üstün idik, amma səhvlərimizdən istifadə edən rəqib iki qol vuraraq qələbə qazandı. Yenə də deyirəm, biz yaxşı oynadıq. Təbii ki, şanslarından yararlana bilmirsənsə, nə dərəcədə yaxşı oynadığının heç bir əhəmiyyəti qalmır. Gözəl futbol sərgiləyə bilərsən, lakin son nöqtəni qoymaq işinin öhdəsindən gəlmək mümkün olmursa, vəziyyət qəlizləşir. Biz məhz buna görə uduzduq”.
Levandovski həmçinin komandanın mübarizə əzmini tərif etsə də, vacib anlarda səhvlərin oyun nəticəsinə təsir etdiyini vurğulayıb.
Xatırladaq ki, cari mövsümdə “Barselona” forması ilə 24 oyuna çıxan Levandovski, 23 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.