More

    Cəbrayıl Əkbərov: “Zədədən sonra çətindir, amma əlimdən gələni edirəm”

    “Gəncə” basketbol komandasının üzvü Cəbrayıl Əkbərov komandasının çempionata uğurlu başlanğıcı və öz bərpa prosesi haqqında danışıb. “Komandamız çempionata yaxşı başlayıb. İki oyundan maksimum nəticə əldə etmişik ki, bu da düzgün hazırlıq sayəsində mümkün olub,” – deyə Əkbərov bildirib.

    Əkbərovun sözlərinə görə, “Gəncə”nin uğurlu çıxışının əsas səbəbi qarşılaşmalarda düzgün taktika seçmələridir: “Rəqibləri təhlil edərək onların oyun tərzini müəyyənləşdiririk. Məşqçilərin seçdiyi taktikalar əsasında mübarizə aparır və verilən tapşırıqları yerinə yetiririk. Əlbəttə ki, hər bir oyunçunun meydanda öz gücünü tam ortaya qoyması qələbəni təmin edən əsas amildir.”

    Əkbərov, eyni zamanda, zədədən sonra tam formaya düşməyə çalışdığını qeyd edib. O, “Quba”ya qarşı son çempionat görüşündə az da olsa oynamaq şansı qazanıb: “Bu qarşılaşmadan öncə təxminən 3 həftə məşq edə bilməmişdim. Bərpa dövründən sonra az oynamağım normaldır. Zədədən sonra çətin olur, amma komandama kömək etməyə çalışdım. İndi isə tam gücümlə məşqlərimi davam etdirirəm və məqsədim oyunlarımla komandaya daha çox fayda verməkdir. Özümü yaxşı hiss edirəm,” – deyə əlavə edib.

    Əkbərov qarşıdakı “Ordu” ilə səfər matçı haqqında da fikirlərini bölüşüb və hər iki komanda üçün bu oyunun çətin keçəcəyini bildirib: “Həm biz, həm də onlar güclü iddialarla çıxış edirik. B qrupunun favoritlərindənik və güc baxımından eyni səviyyədəyik. Qələbə ən çox bunu arzulayan və meydanda hər şeyini ortaya qoyan komandanın olacaq. Görüşə çox ciddi yanaşırıq. Qalib gələcəyimizə inanıram.”

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni