Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Sport-az.com xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibləri müəyyənləşib.
Əgər “Qarabağ” II təsnifat mərhələsində İrlandiyanın “Şelburn” klubunu mübarizədən kənarlaşdırsa, III mərhələdə onu “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi ilə qarşılaşma gözləyir.
III təsnifat mərhələsinin oyun cədvəlinə əsasən:
- İlk oyun – avqustun 5-6-da səfərdə,
- Cavab qarşılaşması isə bir həftə sonra Bakıda keçiriləcək.
Qeyd edək ki, “Qarabağ” II təsnifat mərhələsində “Şelburn”la ilk matçını iyulun 23-də Dublində, cavab görüşünü isə iyulun 30-da Tofiq Bəhramov stadionunda keçirəcək.



